Şəxsi kabinet

Rəqəmsal çap Docucolor 252

Rəqəmsal çap çap sənayesinin ən operativ texnologiyası hesab olunur. Bu texnologiyada heç əlavə proses olmadan verilənləri kompüterdən birbaşa daxil etmək və çap etmək mümkünlüyü sifarişlərin operativ yerinə yetirilməsinə imkan verir. Müasir proqram təminatı isə məlumatların çox qısa vaxtda çapa hazırlanmasını təmin edir. Bu da iri həcmli sifarişlərin daha tez hazırlanmasına imkan yaradır. Nisbətən az tiraja malik sifarişlərin çap olunmasında bu texnologiya daha rentabellidir. Burada qiymət sifarişin miqdarına görə müəyyən olunur. Rəqəmsal texnologiyadan istifadə edərək sifarişçinin istəyinə uyğun qısa vaxt ərzində çap sonrası xidmətlər də göstərmək mümkündür. Bu da görülən işin keyfiyyətini bir qədər də yüksəltmiş olur. Müasir rəqəmsal çap sahəsindəki avadanlıqların əsasını kseroqrafiya texnologiyasına əsaslanan bir keçidli və çoxfunksiyalı çap avadanlıqları təşkil edir. Bu avadanlıqlar yüksək keyfiyyətli çap, rəngli sürətçıxarma və yüksək dpi-də skanlanma imkanına malikdirlər. Tam rəngli görüntü dörd ədəd (CMYK) quru boya maddəsi (toner) əsasında əmələ gəlir. İstifadə olunan tonerin əsasını isə bilavasitə boya və aydınlaşdırıcıdan (developer) ibarət iki komponentli tərkib təşkil edir. Çap prosesi zamanı hər bir rəng fotoseptorda formalaşır, sonra ardıcıl olaraq lent (IBT) üzərinə köçür. Görüntünün lent üzərində 4 tsiklli formalaşmasından sonra o kağız üzərinə keçdikdən sonra sobaya (fyuzerə) ötürülərək qurudulur yəni, tonerdə olan qətran və polimer əriyərək kağız üzərində yekun görüntünü formalaşdırır. Lazer şüası kifayət qədər tez hərəkət etdiyindən belə avadanlıqların çap sürəti də yüksək olur. Belə avadanlıq adətən ağ-qara rejimdə - 65 vərəq (A4 format), rəngli rejimdə isə - 50 vərəq (A4 format) çap etmə imkanına malik olurlar. Rəqəmsal lazer çap avadanlığında lazerlər dəqiq fokuslaşmaya malik olması nəticəsində çox nazik şüalar əmələ gəlir və bu da fotohəssas barabanın lazımı sahələrinə təsir göstərir. Məhz bu xüsusiyyətə görə müasir rəqəmsal lazer printerlər yüksək çap icazəsinə malikdirlər. Onlar ağ qara rejimdə 600x600-dən 1200 x1200 pikselə qədər, rəngli rejimdə isə 9600x1200 pikselə qədər ola bilər. Eyni zamanda çap avadanlığında yerləşən CREO kontrollerinin köməyi ilə bütün çap prosesinə nəzarət etmək mümkündür.