Şəxsi kabinet

Lazer nəqqaşlama

Lazer nəqqaşlama görüntünü hər hansı bir məmulatın üzərinə fokuslaşmış lazer şüası vasitəsilə həkk olunmasıdır. Bir qayda olaraq görüntü müəyyən dərinliyə - relyefə malik olmalıdır. Bir qayda olaraq məmulat üzərində alınan görüntü loqo, yazı, hər hansı bir ornament və ya şəkil ola bilər. Lazer avadanlığında şüalanmadan əmələ gələn işıq tam olaraq fokuslaşma əldə etmək və nəqqaşlanacaq materialın üzərinə düşmək üçün ya güzgü sistemi ya da optik lif vasitəsilə linzaya ötürülür. Bu zaman linzadan məmulata qədər olan məsafə nə qədər yaxındırsa bir o qədər nəqqaşlanan sahədə fokuslaşmış şüa daha dəqiq və nazik olacaq. Lazer nəqqaşlama zamanı məmulatın üst qatı soyulması nəticəsində məmulatın səthində dərinlik əmələ gəlir. Nəticədə zəruri olan görüntü əldə edilir. Nəqqaşlamanın dərinliyi seçilmiş məmulatın fiziki xüsusiyyətlərindən, avadanlığın seçilmiş gücündən və məmulat üzərində keçidlərin sayının təkrarlanmasından asılıdır. Nəqqaşlama zamanı tətbiq olunan üsulun xüsusiyyətlərini nəzərə alaraq məmulatın isinməsi nəticəsində nəqqaşlanan görüntünün kənarlarında ərimə baş verə bilər. Bu effekti temperaturun və şüanın məmulata təsir müddətinin azaldılması nəticəsində aradan qaldırmaq olar. Bu zaman isə avadanlığın gücünün azalması və nəqqaşlama prosesinin sürətlənməsi baş verərsə bu nəqqaşlanan məmulat üzərində əlavə olaraq keçidlərin sayını artıra bilər, yəni eyni sahənin təkrarən nəqqaşlanması tələb oluna bilər. Digər metodlarla müqayisədə lazer nəqqaşlamanın üstünlükləri: prosesin sürətli olması və bunun da məhsulun maya dəyərinə təsir etməsi, məmulata fiziki təsirin olmaması nəticəsində məhsulun çətin və əlçatmaz sahələrində nəqqaşlanmanın mümkünlüyü və s. Nəqqaşlanma zamanı məmulatın səthinin təxminən 10-20 mkr ərazisinə təsir göstərməsi işin dəqiq yerinə yetirilməsinə şərait yaradır. Lakin bu prosesin digər üsullarda olduğu kimi çatışmayan cəhətləri də vardır. Bunlar nəqqaşlanmanın dərinliyinə dəqiq nəzarətin mümkünsüzlüyü, məmulatdan asılı olaraq nəqqaşlanan sahənin eyni düz səthə malik olmaması, heç də bütün məmulatların lazer şüasından əmələ gələn temperatur təsirini eyni qəbul etməməsi məhsulun arzuolunmaz təsirə - deformasiyaya uğramasına səbəb olması və s. Bütün bunlara baxmayaraq bu üsulla görüntünün fərqli qalınlıqda məmulat üzərinə həkk olunması onu reklam, promo sferasından başqa zərgərlik sahəsində tətbiqini mümkün edir.